Macarıstan-Azərbaycan Biznes Forumunun nümayəndələri iki ölkənin Xarici İşlər Nazirliklərinin birgə dəstəyi ilə Azərbacanda səfərdədirlər.
Forumun aparıcı nümayəndələrindən olan Macarıstan şirkəti “Trinity Enviro”nun baş direktoru Bence Fülöp Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib.
BAMF prezidenti Umud Mirzəyevlə görüşdə o, səfərinin məqsədini bildirib və işğaldan azad edilən ərazilərdə çirklənmiş su hövzələrinin bərpası ilə bağlı bir neçə təklif layihələrini müzakirə ediblər.
Umud Mirzəyev qonağa Fondun hazırda həyata keçirdiyi pilot layihələrdən bəhs edib. O, həmçinin Qarabağda su hövzələri ilə yanaşı, torpaqların, ekoloji durumun ağır vəziyyətə salındığını diqqətə çatdırıb. Xüsusilə mina ilə çirkləndirilmiş ərazilərin minadan təmizlənməsinin vacibliyindən danışıb, bu istiqamətdə müvafiq Macarıstan şirkətləri ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Bence Fülöp ilkin olaraq, Qarabağda kiçik su hövzələrinin təmizlənməsi və orada suvarma infrastrukturunun yaradılması üçün əməkdaşlıq etməyi təklif edib. Öz növbəsində, Umud Mirzəyev Qarabağda görüləcək digər işlərdən bəhs edərək vacib məsələləri qonağın diqqətinə çatdırıb.
“Qarabağda başlıca olaraq mina problemi öndə durur. Bundan əlavə, orada dağıdılan evlərin kimyəvi tərkibli dam örtükləri yandırılaraq torpağa qarışıb, metal istehsal edən zavodların tullantıları illərlə su hövzələrinə, çaylara axıdılıb, çayların su mənbələrinin və mənsəblərinin qarşısı kəsilərərk qurudulub. Beləliklə Azərbaycanın vaxtı ilə işğal altında olan torpaqlarında ekoloji terror törədiblər.Həmin çirklənmiş torpaqlar bu gün ətrafdakı su hövzələrinə qarışaraq su ehtiyatlarımızı da sıradan çıxarır” - deyə BAMF rəhbəri qeyd edib.
Bence Fülöp Umud Mirzəyevlə müzakirə zamanı ilk olaraq kiçik bir ərazidən başlayaraq bu istiqamətdə fəaliyyətin təməlini qoymağı və bunun üçün gələcəkdə birgə böyük bir layihə planı hazırlamağı təklif edib.
Daha sonra tərəflər gələcək əməkdaşlıq perspektivlərinə də toxunublar.
Qeyd edək ki, Macarıstan şirkəti “Trinity Enviro” Bence Fülöpün rəhbərliyi altında Asiyada və dünyanın digər ölkələrində layihələr həyata keçirir. O, həmçinin “İnteqrasiya edilmiş Su Ehtiyatlarının İdarə Edilməsi” (Integrated Water Resources Management-IWRM) təşkilatında ekosistemin idarəetməsi, layihələrin inkişaf edilməsi və qiymətləndirilməsi sahələrində sərbəst məsləhətçidir. IWRM, həyati vacib ekosistemlərin davamlılığına xələl gətirmədən ədalətli şəkildə iqtisadi və sosial rifahı maksimuma çatdırmaq üçün su, torpaq və əlaqəli resursların inkişafı, idarə edilməsini təşviq edən bir prosesdir.
Elnur Ənvəroğlu