R

Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-ın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsinə start verilib.

Layihənin başlaması ilə bağlı keçirilən tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev tədbir iştirakçılarını salamlayaraq öncə 44 günlük müharibənin dəhşətlərindən və qələbəmizin yaratdığı qürur hissindən söz açıb. O, ordumuzun 44 gün ərzində erməni işğalından azad etdiyi ərazilərimizin mina və partlayıcı sursatlar, həmçinin partlamamış hərbi sursatlarla çirklənməsi ilə bağlı məlumat verib. U.Mirzəyev ANAMA tərəfindən intensiv minatəmizləmə əməliyyatlarının həyata keçirildiyini və bununla yanaşı əhalinin də minalanmış ərazilərlə bağlı maarifləndirilməsinin vacibliyini qeyd edib. Layihənin məqsədi, mahiyyəti və hansı regionlarda keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdıran BAMF Prezidenti müharibədən, onu ən ağır təhlükəsi olan minalardan əziyyət çəkən əhalinin bu istiqamətdə maariflənməsi, məlumatlı olması və daha məsuliyyətli davranış qaydalarına yiyələnməsinin zərurətindən danışıb.

Layihənin təlimçiləri partlamamış hərbi sursatlardan, minalardan və onların növləri barədə danışıblar. Onlar qeyd ediblər ki, layihənin məqsədi əhalinin minalanmış ərazilərdə özlərini qorumaq qaydalarını aşılamaq və böyük qayıdış zamanı qaydalara düzgün əməl etməyi öyrətməkdir. Tədbir iştirakçıları arasında Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəqsanə Məmmədli, təlimatçı Musa Cəlalov, regional koordinatorlar və icma nümayəndələri yer alıb. İştirakçılara təlimçi tərəfindən hazırlanan testlər təqdim olunub və mövzu ilə bağlı onların bilik səviyyələri yoxlanıb.

Qeyd edək ki, layihənin icrası 10 rayonda nəzərdə tutulub. BAMF-ın təşkilatçılığı ilə bu rayonlardan 6-da (Tərtər, Bərdə, Füzuli, Göygöl, Goranboy və Daşkəsəndə) maarifləndirmə tədbirləri həyata keçirilir. Layihə qeyd olunan 6 rayon və hər birində 10 000 (on min) insan olmaqla, ümumilikdə 48 icma sakinini əhatə edəcək. Regionda aparılacaq maarifləndirmə tədbirləri mina və partlamamış silah-sursat təhlükəsi riskinin azaldılmasında önəmli rol oynayacaq.

Layihə 2022-ci ilin oktyabr ayına qədər davam edəcək.