Avropa İttifaqının monitorinq qrupu qurumun maliyyə dəstəyi ilə həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsinin fəaliyyəti ilə yaxından tanış olublar. Aİ-nin Ukrayna və İordaniya ofis nümayəndələri Vlodimir Kuzka və Nikolas Qoavert səfər çərçivəsində əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər regional ofisini ziyarət ediblər.
Görüşdə UNİCEF Azərbaycan nümayəndəliyinin əməkdaşları Natik Umarov, Bəxtiyar Səlimov və BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev iştirak ediblər. Görüş zamanı qonaqlara layihənin davamlılığı haqqında məlumat və cari hesabat təqdim olunub.
İlk olaraq Tərtər rayon Şıxarx qəsəbəsində və Hüsənli kəndində yerli icma komitəsinin üzvləri tərəfindən aparılan maarifləndirmə işinin təşkilini izləyən nümayəndə heyəti onların çətinliklərini və qarşılaşdıqları problemləri dinləyiblər. Layihənin vacibliyini və əhəmiyyətini qeyd edən nümayəndələr əhalini daha diqqətli olmağa və məsuliyyətli davranmağa çağırıblar. Daha sonra Bərdə rayon 866 nömrəli məcburi köçkün qəsəbəsində layihə çərçivəsində aparılan maarifləndirmə işlərini yaxından izləyiblər.
Nümayəndə heyətinin monitorinq səfəri zamanı BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev, layihə koordinatoru Xudaverdi Quliyev, regional koordinatorlar Vüqar Yusifli və Vidadi Məmmədzadə iştirak ediblər.
Qeyd edək ki, Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən PSTM layihəsi 2021-ci ilin oktyabr ayından etibarən davam etməkdədir.