R
“Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və baş direktoru Heidi Kühn Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə 1-5 mart tarixlərində Azərbaycanda rəsmi-işgüzar səfərdə olub.
 
Məqsəd ölkədəki mina problemləri ilə yaxından tanış olmaq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verməkdir.
 
Səfərinin ilk günü Heidi Kühn BAMF-ın baş ofisini ziyarət edib. Təşkilatın prezidenti Umud Mirzəyev, Müşahidə Şurasının sədri Akif Musayev, ANAMA-nın sədr müavini Samir Poladov və BAMF-ın əməkdaşları ilə görüşüb. Daha sonra Heidi Kühn Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində olub. Görüşdə ANAMA-nın yaradılma tarixini, icra edilən humanitar minatəmizləmə fəaliyyətini, işğaldan azad edilən ərazilərdə mövcud mina riskini, eləcə də minadan zərərçəkənlərə yardım və mina təhlükəsinə dair maarifləndirmə tədbirlərini əks etdirən təqdimat nümayiş etdirilib. Xanım Heidi Kühn, minalarla mübarizə istiqamətində gücümüzü birləşdirərək, bu sahədə məqsədyönlü iş aparmaqla partlayıcı qurğuların təhlükəsinin aradan qaldırılmasına dəstək vermək niyyətində olduğunu bildirib.
 
Səfərinin ilk günündə Heidi Kühn Heydər Əliyev Mərkəzinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə də gedib.  
 
Martın 2-də Heidi Kühn Azərbaycanın üzümçülük şəhərlərindən olan, şərabçılıq ənənələrini tarix boyu yaşadan Şamaxı rayonuna səfər edib. Rayon rəhbərliyi ilə görüşdə Azərbaycanda şərab istehsalı tarixinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə geniş müzakirələr aparılıb. 
 
 
Martın 3-də “Sülhün kökləri” təşkilatının qurucusu BAMF-ın prezidenti Umud Mirzəyevin müşayiəti ilə Tərtər və Ağdama səfər edib. Səfər çərçivəsində Heidi Kühn Tərtərdə minadan çirklənmiş ərazilərın əhatəsində olub. Burada onu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Prezident Administrasiyasının rəsmisi Sultan Hacıyev qarşılayıb. Onlara hərbi əməliyyatların aparıldığı ərazilərdə həm mina təhlükəsi, həm də partlamamış döyüş sursatları haqqında məlumat verilib. Onlar Tərtər rayonunun Çaylı kəndində BAMF-ın icma mina aksiyası komandasının apardığı əməliyyatlarla da tanış olublar. Daha sonra xanım Kühnün BAMF-ın Peşə Təlim Mərkəzində görüşü keçirilib. O, peşə məktəbinin fəaliyyəti ilə tanış olub. Burada Heidi Kühnün minadan və müharibədən zərərçəkmişlər, Sahibkar Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşü baş tutub.
 
Səfər çərçivəsində “Sülhün Kökləri” təşkilatının rəhbəri ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevlə birgə simvolik ağac əkiblər.
 
Həm Ağdam, Tərtərdə, həm də qəsəbələr, şəhərlər və infrastrukturlarla yanaşı dağıdılmış kənd təsərrüfatı əraziləri, üzümçülük sahələrində gördükləri mənzərələr onu çox duyğulandırıb.
 
 

Heidi Kühn, həmçinin Qarabağ nümayəndəliyində Ağdam şəhərinin yeni quruculuq layihəsi ilə tanış olub. Daha sonra o, Ağdamda İmarət qəbiristanlığında Xurşudbanu Natəvan və Pənahəli xanın türbəsini ziyarət edib. Burada gördükləri mənzərə - dağıdılmış məzarlar Heidi Kühnü dəhşətə gətirib. Ağdamda Heidi Kühn 12 yaşlı balaca Səxavətin qəbri qarşısında bütün fəaliyyətini, imkanlarını bu torpaqların bərpası üçün səfərbər edəcəyinə, töhvə verəcəyinə söz verib. O, bütün bu dağıntıları gördüyü zaman duyğudolu, bir neçə dəfə  “Məni bağışlayın” ifadələrini işlədib.   

 

Səfərinin növbəti günü martın 4-də Heidi Kühn ADA Universitetində icraçı prorektor Fariz İsmayılzadə, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndəlikləri və tələbələrlə görüşüb. H. Kühn tələbələrlə Qarabağda gördükləri ilə bağlı təəssüratlarını bölüşüb, müzakirələr aparıb. O, burada təhsil alan tələbələrin işğaldan azad olunan ərazilərdə mina təmizlənmə prosesində gələcək layihələrdə birgə əməkdaşlıq etmək istədiyini, bu istiqamətdə bütün imkanlarını səfərbər edəcəyini vurğulayıb. 

 

 

Daha sonra BAMF-ın baş ofisində “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri olan Heidi Kühn, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladovun xeyir-duası ilə böyük bir təşəbbüs üçün memorandum imzalanıb. Heidi Kühnün "Minalı əraziləri Üzümlüyə çevirək" adlanan layihəsi bundan sonra Qarabağda minalanmış ərazilərin çiçəklənməsi və ən gəlirli kənd təsərrüfatı sahəsinə çevrilməsinə yardımçı olacaq. Əməkdaşlıq memorandumu mina təhlükəsizliyi ilə mübarizə, minalı ərazilərdə davamlı inkişaf məqsədlərinin təşviq edilməsi, minasız azad dünya ideyasına töhvə verilməsi məqsədi daşıyır. Memorandum yalnız kağız üzərində qalmayaraq, “Sülhün Kökləri” ilə birlikdə minaların təmizlənməsində aktiv rol oynayacaq. Bu memorandum gələcəkdə iki təşkilatın daha sıx əməkdaşlıq etməsinə zəmin yaradacaq. 

Heidi Kühnün növbəti görüşləri Prezident Administrasiyasının şöbə müdiri və  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Kənd Təsərrüfatı naziri İnam Kərimovla olub.  
 
Səfərin son günündə “Sülhün Kökləri”nin 25-ci ildönümü (1997-2022) və Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Alfred Nobelin adı ilə tanınan Bakı Nobel Sülh Muzeyində Qala Şam yeməyi təşkil edilib. Bu gün fəxri qonaq Azərbaycana səfərini bitirərək 6-9 mart tarixlərində keçiriləcək Forbes 30/50 Zirvəsində iştirak etmək üçün Abu- Dabiyə yola düşüb. Sammitdə Heidi Kühn Azərbaycandakı minadan çirklənən ərazilərin problemindən söz açacağını da vurğulayıb. Qeyd edib ki, bundan sonra “Sülhün Kökləri” və BAMF Azərbaycanın işğaldan azad olunan ərazilərində sülh yolunda birgə addım atacaq.