R

«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində  seminar-təlimlərə start verilib. İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb. Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində 65 tələbəyə təlim keçirilib.

 

 

Xüsusilə vurğulayaq ki, layihənin icrasına başlayanda BAMF-a müraciət edən və tərəfimizdən cəlb edilən bir sıra universitetlərin tələbələrindən ibarət görüşlərdə onların maraqlarına, problemlərinin həllinə köməklik göstərəcək məsələlər seçilib. Gəncədə keçirilən təlimlər BAMF-ın prezidenti, bir sıra beynəlxalq layihələrin müəllifi, tanınmış jurnalist Umud Mirzəyevin təqdimatında  "Karyera imkanlarının düzgün seçilməsi və dəyərləndirilməsi", BAMF-ın vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlovanın təqdimatında "CV necə yazılmalı, müsahibədən necə keçməli? Özünütəqdimat" istiqamətində tələbələrin marağına səbəb olub.

Onlar karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları, eyni zamanda şəxsi həyatda və iş həyatında özünü dügün təqdimetmənin vacibliyi, hansı nüanslara diqqət yetirmələri, işəgötürənlə müsahibə zamanı nitq üslublarından tutmuş danışacaqları mövzuya qədər əhəmiyyətli məqamlar, ilkin təəssüratın xoş olması üçün edilməsi vacib olanlar, CV-nin əhəmiyyəti, necə təqdim edilməli olduğu istiqamətində təlimatlandırılıblar.  

Qeyd edək ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı"adlı layihəsinin icrası uğurla davam etdirilir. Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsi layihənin əsas məqsədləridir. Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq hisslərinin yaradılması və ünsiyyətin möhkəmləndirilməsidir. 

 

Növbəti təlimlərin Sumqayıt Dövlət Universitetində keçirilməsi planlaşdırılır