R

26 iyun 1945–ci il San-Fransiskoda (Kaliforniya) Müharibə Memorialının binasında Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi imzalanmışdır. 

belə bir əlamətdar gündə “Sülhün Kökləri” təşkilatının qurucusu xanım Heidi Kuhn və BAMF prezidenti Umud Mirzəyev BMT-nin baş katibi Antoniyo Quttereşə birgə məktub ünvanlayıblar. Müraciətin məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci maddə kimi mina probleminin əlavə olunmasıdır.

Müraciətdə bəşəriyyətin mina problemi və onun acı nəticələri xüsusi vurğulanıb. Həmçinin, Heidi Kuhnun Umud Mirzəyevlə birlikdə minalarla çirklənmiş Qarabağa səfərləri də məktubda öz əksini tapıb.

Onu da qeyd etmək lazımdır ki, bu il 30 mart – 1 aprel tarixlərində BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə Bakıda keçirilən “Humanitar Mina Aksiyası və DİM-lər” adlı beynəlxalq konfransında 18-ci DİM-in əlavə olunması məsələsi müzakirə olunub və bu təşəbbüs təşkilatçılarla yanaşı iştirakçılar tərəfindən də yüksək dəstək almışdır.

Xatırladaq ki, “Sülhün Kökləri” və BAMF tərəfdaş təşkilatlardır və bu ilin mart ayında iki təşkilat arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

BMT-nin baş katibinə ünvanlanan məktubun mətni əlavə olunur:

 

Zati-aliləri Baş Katib cənab Antonio Quttereş,

“Sülhün Kökləri” və Beynəlxalq Avrasiya Mətbuat Fondu 26 iyun 1945-ci ildə San-Fransiskoda, Kaliforniyada Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin imzalanmasının 77-ci ildönümü münasibətilə “Minasız Dünya” üçün 18-ci Davamlı İnkişaf Məqsədinin əlavə olunması məqsədi ilə birgə bəyanatla çıxış edir.

Bu gün dünyanın 60 ölkəsində 60 milyondan çox mina yerin altnda gizlədilərək öz qurbanlarını gözləyir. Hər il 22 000-dən çox mülki şəxs minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olur. Hər gün dünyada orta hesabla 70 nəfər minaların qurbanı olur və zərər çəkənlər arasında hər üç nəfərdən biri günahsız uşaqdır.

Bir neçə onilliklərdir ki, biz mina təhlükəsi proqramı çərçivəsində çalışan təşkilatlar olaraq, müharibənin baş verdiyi regionlarda həm minalardan təmizləmə, həm də humanitar yardım istiqamətində fəaliyyətlər həyata keçiririk. Bu sahədə ixtisaslaşmış təşkilatlar olaraq biz mina probleminin ağrılı insan faciəsi olduğunu başa düşür və minasız dünya axtarışındayıq.

Bu gün Azərbaycan dünyanın ən çirklənmiş ölkələrindən biridir. Hazırda Ukrayna da bu faciəvi problemi olan ölkələr sırasına əlavə olunub. Hər gün yüzlərlə yeni mina basdırılır və insanlar bu görünməz təhlükə ilə üz-üzə qalırlar. 8 Mart 2022-ci il Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanın minalarla çirklənmiş ərazilərinə birlikdə səfər edərək böyük fəlakəti öz gözlərimizlə gördük. İkinci Qarabağ müharibəsindən sonra bu ərazilərə səfər edən 200-dən çox insan mina hadisələrinin qurbanı olmuşdur.

BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi 60\97 saylı qətnaməsi ilə hər il 04 Aprel Beynəlxalq Mina Xəbərdarlığı Günü kimi qeyd edilir. Bununla əlaqədar 1 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Bakıda “Humanitar Mina Aksiyası və DİM-lər” mövzusunda konfrans keçirilib. Konfransda biz 18-ci məqsəd kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə mina problemini əlavə etmək üçün birgə təşəbbüs irəli sürdük. Bu təklif təşkilatçılar və konfrans iştirakçıları tərəfindən ciddi şəkildə dəstəkləndi. Bu gün biz iki tərəfdaş təşkilat olaraq bu təşəbbüsü reallaşdırmaqda qərarlıyıq və sülh üçün addımlar atırıq. Bu istiqamətdə fəaliyyətimizi genişləndirmək məqsədilə iki qurum arasında anlaşma memorandumu imzalanıb.

Biz Dayanıqlı İnkişaf Məqsədlərinə dəyişiklik və əlavələr etməyin nə qədər çətin olduğunu bilirik. Bununla belə, biz ürəkdən inanırıq ki, dünya liderləri gələcək nəsillərin inkişafı üçün mina təhlükəsi ilə mübarizənin vacibliyini vurğulayan 18-ci məqsədi əlavə etməklə bağlı sənədə yenidən baxmağa qərar verəcəklər.