R

ABŞ-da səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sentyabrın 8-də “Sülhün Kökləri” təşkilatının Napa Vadisində keçirilən 25 illik yubiley tədbirinə qatılıb.

Ednews xəbər verir ki, tədbirdə dünyanın müxtəlif yerlərindən önəmli qonaqlar, işadamları, donorlar, rəsmi və məşhur şəxslər iştirak ediblər.

İlk olaraq Napa Vadisində simvolik ağac əkən qonaqlar daha sonra Kaliforniyalı iş adamı-şərabçının evində xoş musiqili dəqiqələr keçiriblər.

Yountville İcma Mərkəzində keçirilən “Sülhün Kökləri – Minalı ərazilərdən üzümlüklərə, “Bir qadının dünyanı qorumaq missiyası” adlı yubiley tədbirində təşkilatın rəhbəri Heidi Kühn açılış nitqi ilə çıxış edib.

"Bu, Sülhün Kökləri üçün önəmli bir andır, çünki biz bütün dünyada mina təhlükəsi ilə üzləşən, cəsarətlə çalışan fermerlərin çətinliklərini həll etməyə çalışırıq", - deyə Heidi Kühn bildirib.

Tədbirin fəxri qonaqları arasında olan Umud Mirzəyev ilk öncə BAMF adından 25 ildir sülh üçün çalışan “Sülhün Kökləri”-ni yubiley münasibəti ilə təbrik edib.

“Heidi Kuhnün bütün dünyada minaların məhv edilməsi və mina sahələrinin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir”, – deyə Umud Mirzəyev bildirib.

U. Mirzəyev Heidi Kuhnün Azərbaycana səfərindən və Qarabağda icrasına başlanılacaq “Minalardan ərazilərdən üzümlüklərə” (“Mines to Vines”) layihəsinin əhəmiyyətindən də söz açıb:

“Bu ilin mart ayında “Sülhün Kökləri” toxumu Azərbaycanda da səpildi. Beynəlxalq qadınlar günü ərəfəsində Heidi Kühn minalanan Qarabağa – Azərbaycana səfər etdi. Qeyd etmək istərdim ki, biz Bakıda “Sülhün Kökləri” ilə əməkdaşlıq memorandumu imzaladıq. Biz söz verdik ki, Qarabağı yenidən çiçəklənən bağa çevirmək üçün əlimizdən gələni edəcəyik. Artıq Qarabağda “Mines to Vines” təşəbbüsünün icrasına başlayırıq. Biz sülhün köklərini müharibədən zərər çəkmiş daha bir ölkədə də cücərdiyini görəcəyik”.

Daha sonra Umud Mirzəyev BAMF tərəfindən Heidi Kuhnün Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Canlanan Torpaq” adlı kitabını və 25 illik yubileylə bağlı təbrik plaketini müəllifə təqdim edib.

O həmçinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun təbrik məktubunu da xanım Kühnə çatdırıb. Tədbirdə Heidi Kuhnün Bakı səfərinə həsr olunan video-çarx da nümayiş etdirilib.

Qeyd edək ki, sentyabrın 7-də ABŞ-a işgüzar səfəri başlayan Umud Mirzəyev burada bir sıra önəmli tədbir və görüşlərdə iştirak edəcək. 

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1