Bu gün Unicef Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Alex Heikens Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub.
Ednews xəbər verir ki, BAMF-ın prezidenti Umud Mirzəyev Unicef rəsmisini Bakı ofisində qarşılayıb. Alex Heikens ilk olaraq, Umud Mirzəyevi təşkilatın 30 illik fəaliyyətinin il dönümü münasibəti ilə təbrik edib və Azərbaycanın çətin dönəmlərində yaradılan beynəlxalq statuslu qeyri-hökumət təşkilatının bu günə qədər fəaliyyəti barədə məlumat alıb.
Öz növbəsində BAMF rəhbəri qonağa təşkilatın yaranması ilə bağlı 90-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən Qafqaz və post-Sovet məkanlarında obyektiv informasiyaya duyulan ehtiyacdan bəhs edib.
BAMF rəhbəri təşkilatın yaranma səbəblərini izah edərkən ölkədəki hadisələrin dünya ictimaiyyətinə doğru-dürüst çatdırılması üçün post Sovet məkanında bu cür təşkilatların yaradılmasına ehtiyacın olmasından da danışıb.
Görüşdə BAMF və UNICEF- in birgə həyata keçirdiyi fəaliyyətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, BAMF 12 ildir UNICEF ilə uğurlu əməkdaşlıq edir.