R

Martın 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun PSTM komandası tərəfindən Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk mərhələdə köçürülən ailələr üçün “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) təlimləri keçirilib. Təlim BMT-nin Qaçqınlar üzrə Ali komissarlığı və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə BAMF tərəfindən icra olunan “Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər və Bərdə rayonlarında Məcburi Köçkün İcmalarında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsi çərçivəsində baş tutub.

Təlimdə mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların Böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları barədə vacib məlumatlar çatdırılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbir iştirakçılarına qaydalara düzgün əməl edərək minalanmış ərazilərdən özlərini qorumaq və təlim zamanı öyrəndikləri məlumatları növbəti qayıdış prosesində iştirak edəcək insanlarla paylaşaraq onlarında məlumatlanmasına kömək etmək tapşırılıb.

BAMF-ın İcma Mina Aksiyası Komandasının əməliyyat meneceri Şahin Allahverdiyev, PSTM komandasının təlimçi qrup rəhbəri Ruslan İbrahimbəyli və digər təlimçilər ilə yanaşı ümumilikdə 33 nəfər Talış sakini tədbirdə iştirak edib. İştirakçılara maarifləndirici bukletlər, posterlər və digər materillar paylanılıb.

Böyük Qayıdış çərçivəsində Talış kəndində məskunlaşan digər sakinlər üçün də PSTM təlimləri keçiriləcək.