BAMF-ın PSTM komandası tərəfindən təşkil olunan görüşlər Ağdam rayonunun Bənövşələr və Füzuli rayonunun Qayıdış-1 qəsəbəsində reallaşıb. Tədbirdə Azərbaycanın bu gün mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə bu problemdən əziyyət çəkən ölkələr sırasında ilk pillələrdə olduğu vurğulanıb və bu səbəbdən hər bir Azərbaycan vətəndaşının daha diqqətli və məsuliyyətli olmasına çağırış edilib. Həmçinin, bu beynəlxalq gündə ölkədə keçirilən bu cür tədbirlərin və bu istiqamətdə atılan addımların olduqca böyük əhəmiyyət kəsb etdiyi də xüsusilə qeyd olunub.
PSTM komanda üzvləri tərəfindən mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların Böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları barədə vacib məlumatlar çatdırılıb və iştirakçıların sualları cavablandırılıb.
BAMF-ın PSTM komandasının qrup rəhbəri Ruslan İbrahimbəylinin moderatorluğu ilə keçirilən tədbirdə təlimçilər, yerli icra hakimiyyəti, bələdiyyə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin regional ofislərinin nümayəndələrinin iştirakı baş tutub.
ANAMA, BMT QAK VƏ BAMF insanları məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.