R

Bu gün Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri, cənab Kristofer Allan, Britaniya Səfirliyi Siyasi şöbəsinin müdiri Edvard Crymble və Britaniya Səfirliyinin layihələr üzrə məsul şəxsi Nuriyyə Quliyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzini ziyarət ediblər.

Səfərin əsas məqsədi Britaniya Səfirliyi nümayəndələrinin regionda həyata keçirilən inkişaf layihələri ilə, eləcə də BAMF-ın, Tərtər Regional Peşə Təlim Mərkəzinin və onun partnyorlarının fəaliyyəti ilə yaxından tanışlıq olub. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qonaqlara təşkilatın regionda gördüyü işlər, media, təhsil, icmaların inkişafı, əhalinin rifahının artırılması və digər sahələr üzrə həyata keçirdiyi layihələr, xüsusilə Mina Təhlükəsizliyi çərçivəsində icra etdiyi proqramlar haqqında ətraflı məlumat verib. 

BAMF-ın Proqram Departamentinin əməkdaşı Con Ayomide regionda görülən işlərlə bağlı təqdimatla çıxış edib. Görüş ərzində BAMF-ın əməliyyat meneceri Şahin Allahverdiyev, Minalar üzrə Məşvərət Qrupunun (MAG) əməliyyat meneceri Şon Vetheril, BAMF-ın Qadın Mina axtaranlar qrupunun rəhbəri Nizami Abbasov, BAMF-ın Mina axtaran qadınlar komandası müzakirələrdə iştirak ediblər. 

Görüşdə gələcəkdə birgə əməkdaşlıq məsələləri də müzakirə edilib. 

Fond rəhbəri bundan əlavə BAMF-ın təhsil sahəsindəki fəaliyyətindən də söz açıb. O, regionda BAMF nəzdində fəaliyyət göstərən Peşə Tədris Mərkəzi və orada keçirilən təlimlər barədə Kristofer Allana danışıb. 

Sonda U.Mirzəyev Britaniya səfirliyinə, xüsusi ilə də Qarabağda mina problemlərinə görə etdikləri humanitar dəstəyə görə təşəkkür edib.