Mayın 29-da Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birnci katibi Marsel Vietor və Minalar üzrə Məsləhət Qrupunun (MAG) baş icraçı direktoru Darren Cormack Ağdamda fəaliyyət göstərən qadın minatəmizləmə komandasını ziyarət ediblər.
Qonaqları layihənin icraçı təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev qarşılayıb.
Əvvəlcə Ralf Horlemann və onunla gələn qonaqlar minaaxtaran qadınlarla birgə səhər yeməyində olublar. Qonaqlar daha sonra minaaxtaran qadınların sahədə işə necə hazırlaşdıqlarını izləyib, mina təmizləmə prosesini müşahidə ediblər.
Fond rəhbəri qonaqlara Azərbaycanda mövcud mina problemi ilə bağlı ətraflı məlumat verib. Daha sonra bildirib ki, bölgəyə dünyanın ən müxtəlif yerlərindən qonaqlar gəlməkdədir:
“Regionda ən böyük mina problemlərinə həsr olunmuş konfrans 30-31 may tarixlərində keçiriləcək. Zəngilanda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ev sahibliyi etdiyi Minalardan Təmizlənmə üzrə 3-cü Beynəlxalq Konfrans baş tutacaq. "Minaların Ətraf Mühitə Təsirinin Azaldılması: Təhlükəsiz və Yaşıl Gələcək üçün Resursların Səfərbərliyi" mövzusuna həsr olunmuş konfrans minalar və onların ekoloji nəticələri ilə bağlı aktual problemlərin həlli yollarını müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri, maraqlı tərəfləri və siyasətçiləri bir araya gətirəcək.
Yeri gəlmişkən, bu böyük tədbirin təşkili ilə bağlı ANAMA rəhbərliyi hazırlıq işləri apardığı üçün bu günkü görüşdə iştirak edə bilməsə də, sizlərə salamlarını çatdırır, hörmətini ifadə edir” - deyə Umud Mirzəyev qeyd edib.
Görüşdə Minalar üzra Məsləhət Qrupunun (MAG) ölkə direktoru Cenet Dikstra da iştirak edib. O, da öz növbəsində apardıqları fəaliyyət barəsində qonaqlara məlumat verib.
Bundan başqa qonaqlara minaaxtaran itlərlə və siçovullarla apardığı mina təmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının gördüyü işlər haqqında da məlumat verilib.
Səfir Ralf Horlemann heyvanların minatəmizləmə fəaliyyətini izləyib və onların nəticələri ilə tanış olub.