R

Çexiya Respublikasının Azərbaycandakı Missiya rəhbərinin müavini Martin Luboyatski və səfirliyinin Attaşesi Yana Pokarna Beynəxalq Avrasiya Mətbuat Fondunun qonağı olublar.

Görüş zamanı fondun prezidenti Umud Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə qonaqlara məlumat verib. O, bildirib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Umud Mirzəyev qurumun gördüyü işlər çərçivəsində ölkəmizin Qarabağ münaqişəsindən sonra qarşılaşdığı ciddi mina problemi sahəsində də BAMF-ın həyata keçirdiyi layihələr barədə geniş danışıb.

Görüş zamanı tərəflər arasında  regionda vəziyyət, dünyada mövcud münaqişə ocaqları, müharibə, onun fəsadları və post-müharibə dövründəki bərpa prosesləri, münaqişə zonasından obyektiv informasiyanın çatdırılmasının vacibliyi barəsində fikir mübadiləsi aparıldı.

Mümkün əməkdaşlıq imkanlarına toxunan tərəflər, perspektivdə Çexiya ilə BAMF arasında sosial-humanitar layihələr çərçivəsində işbirliyinin səmərəli ola biləcəyini vurğuladılar.