Noyabrın 12-də Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, hökumət rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rejissor Fariz Əhmədovun ekranlaşdırdığı, prodüseri Orman Əliyev olan film işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarını həyata keçirən qadın minaaxtaranların həyatından bəhs edir. Ekran əsərində onların təhlükəli və məsuliyyətli fəaliyyəti, gündəlik həyatları, ailə qayğıları, ana və həyat yoldaşı kimi rolları təsirli şəkildə əks etdirilir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü və tərəfdaşlığı ilə yaradılan qadın minaaxtaran qrupları filmin əsas qəhrəmanlarıdır.
Qeyd edək ki, Azərbaycanda ilk qadın minatəmizləyici qrupları 2023-cü ilin iyun ayında BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində yaradılıb.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına dəstək vermək, eyni zamanda, bu sahədə qadınların iştirakını artırmaq və gender bərabərliyini təşviq etmək olub.
Filmdə qadın minaaxtaranlar həm gizli düşmənə – minaya qarşı mübarizə aparan peşəkar mütəxəssislər, həm də ailələrinə bağlı, qayğıkeş ana və həyat yoldaşları kimi təqdim olunurlar. Kamera onların təhlükə ilə üz-üzə qaldıqları iş mühitindən gündəlik həyatlarına qədər uzanan hekayələrini izləyir. Ekran əsəri qadınların iradəsini, cəsarətini, gücünü və həssaslığını sükutun dili ilə tamaşaçıya çatdırır.
BAMF prezidentindən Arzu Əliyevaya təşəkkür və fəxri üzvlük təklifi
Təqdimat mərasimində çıxış üçün söz Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ANAMA yanında İctimai Şuranın sədri və Qadın minaaxtaranlar layihəsinin rəhbəri Umud Mirzəyevə verilib.
Umud Mirzəyev göstərilən dəstəyə görə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya təşəkkürünü bildirib. O, çıxışında Azərbaycanda qadınlardan ibarət ilk minatəmizləyici qruplarının yaradılması təşəbbüsündən, bu istiqamətdə ötən illər ərzində həyata keçirilən fəaliyyətlərdən və görülən işlərdən danışıb.
BAMF prezidenti, həmçinin qadın minaaxtaranların fəaliyyətinin ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan “Sükut içində addımlar” filminin ərsəyə gəlməsi prosesinə toxunub. O, bu hekayənin ekranlaşdırılmasının qadın minaaxtaranların fədakarlığının, peşəkarlığının və cəsarətinin daha geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini vurğulayıb.
Çıxışının sonunda Umud Mirzəyev Arzu Əliyevaya Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəxri üzvlüyünü qəbul etməyi təklif edib.
Film beynəlxalq festivallarda mükafatlara layiq görülüb
“Sükut içində addımlar” filmi artıq beynəlxalq kino mühitində də uğurlar qazanıb. Ekran əsərinin dünya premyerası Avropanın ən qədim kino tədbirlərindən biri olan 66-cı Krakov Film Festivalının müsabiqə proqramında baş tutub. Film burada “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.
Bundan əlavə, film sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap nəşri olan “Modern Times Review” platformasında işıqlandırılıb.
Ekran əsəri Polşanın Qdınya şəhərində keçirilən nüfuzlu “NNW” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi qeydi” mükafatına layiq görülüb. Həmçinin Rumıniyada təşkil olunan “Astra Film Festivalı”nda beynəlxalq ictimaiyyətə təqdim edilib.
Qazanılan mükafatlar və beynəlxalq festivallarda nümayişlər “Sükut içində addımlar” filminin daha geniş auditoriyaya çatmasına, Azərbaycan qadın minaaxtaranlarının həyat və fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradır.
Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.





