Bu gün Bakıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun doqquzuncu qurultayı keçirilib.
“Eurasia Diary” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, qurultay, çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bir sıra orqanlarına seçkilər keçirilib. Rauf Zeyni yenidən Forumun prezidenti, Qorxmaz İbrahimli isə idarə heyətinin sədri seçilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qurumun idarə heyətinin üzvü seçilib.
Qeyd edək ki, U. Mirzəyev, həmçinin, Vətəndaş Cəmiyyətinin inkişafına verdiyi töhfələrə görə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Fəxri Fərmanı ilə təltif edilib.