Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya press” nəşriyyatında Bakı Dövlət Universitetinin tələbəsi Ülkər Aslanovanın rus dilində çap olunan “Səmanın göz yaşları” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə BAMF-ın sədri Umud Rəhimoğlu açaraq, müəllifin ilk kitabının 20 yaşında çıxmasını böyük şans adlandırıb: “Müəllif üçün kitabı övladı qədər əzizdir. Bu, Ülkər xanımın ilk şeir kitabıdır. İlk kitabın sevinci isə unudulmazdır. Sizə böyük yaradıcılıq uğurları, yeni-yeni kitabların sevincini arzulayırıq”. “Avrasiya press” nəşriyyatının rəhbəri Rəhilə Gülgün ilk kitabın həyata, yaradıcılığa vəsiqə olduğunu vurğulayıb:
“Bu ilk addım uzun və çətin bir yolun başlanğıcı deməkdir.Böyük ənənəsi olan Azərbaycan poeziyasında gənc bir Ülkərin görünməsinə sevinirik, ona uğurlu yaradıcılıq yolu arzulayırıq”. Müəllif Ü. Aslanova ilk kitabının nəşrinin həm də böyük məsuliyyət olduğunu deyib: “Mənim üçün poeziya hisslərimi ifadə etmək üçün ən gözəl vasitədir. Kitab isə düşündüklərini, yaşantılarını başqaları ilə bölüşməyə imkan yaradır. Mənə bu imkanı yaradanların hər birinə təşəkkür edirəm. Onu deyə bilərəm ki, bu, indiyə qədər aldığım hədiyyələrin içində ən gözəlidir”.
Qeyd edək ki, kitabın redaktoru və ön sözün müəllifi Sərvər Şahbəyli, texniki redaktoru Mübariz Piridir.
BAMF-ın İnformasiya Departamenti
“Səmanın göz yaşları” kitabının təqdimatı keçirilib
Xəbərlər